Bunun nəyi damazlıq oldu, cənab nazir ? 


Azərbaycan nə qədər neft-qaz ehtiyatları ilə zəngin olsa da ölkəmiz aqrar ölkə olaraq tanınır. Və dövlətimizin gələcəyi də daha çox aqrar sahə ilə bağlıdır. Məhz buna görə də cənab Perzidentimiz dəfələrlə qeyri-neft sektorunun inkişaf etdirilməsi məsələsini gündəmə gətirib. Təkcə gündəmə gətirməyib, həm də real olaraq bu sahəyə 100 milyonlarla vəsait ayrılıb. Ancaq ortada ciddi nəticə yoxdur. 
Deməli, müstəqillik  əldə etdiyimiz 30 il müddətində aqrar sahəyə, daha dəqiq desək Kənd Təsərrüfatı Nazirliyinə 10 il ( 1994-2004 ) İrşad Əliyev, 10 il ( 2004-2013 ) İsmət Abasov, 5 il ( 2013- 2018 ) Heydər Əsədov rəhbərlik edib. 
3 ildir ( 2018-2021 ) isə İnam Kərimov Kənd Təsərrüfatı naziridir. 
Yaxşı bu 28 ildə aqrar sahədə nə əldə etdik ? 
Axı, Azərbaycan dövləti  nazirliyin əməkdaşlarına milyonlarla əmək haqqı verir, nazirliyin nəzdində o boyda  “Aqrar Kredit və İnkişaf “ Agentliyi var, “Aqrolizinq” ASC var və daha nələr. 
Dövlət  “Aqrar Kredit və İnkişaf “ Agentliyinə 100 milyonlarla vəsait ayırır, “Aqrolizinq” ASC bu pullarla xarici ölkələrdən kənd təsərrüfatı istehsal vasitələri, gübrələr, damazlıq heyvanlar və s  alıb gətirir və  sahibkarlara, iş adamlarına, fermerlərə, kəndlilərə verir. Həm də güzəştli şərtlərlə, çox cüzi faizlə, uzun müddətli kreditlərlə verir. 
Bu kreditlərin həcmi  5000 manatdan 1 000 000 manatədəkdir. 
Bəli, sahibkarların kənd təsərrüfatı istehsal vasitələrinin alınması üçün 1 milyon manat kredit verilir. Kreditlərin müddəti 12 aydan 5 ilədəkdir.  
Konkret olaraq damazlıq heyvanlar üçün kreditlər 3 ildir. 
3 il ərzində sahibkar, fermer 3 dəfə məhsul ala bilər. 
Bütün bunlar hamısı birbaşa dövlətin dəstəyi ilə baş verir. 
Məlumat üçün qeyd edək ki, damazlıq heyvandarlıq - kənd təsərrüfatı heyvanlarının damazlıq məqsədilə yetişdirilməsi, təkrar istehsalı, saxlanması və istifadəsi ilə bağlı fəaliyyət sahəsidir, yəni damazlıq KOLBASA sexləri üçün nəzərdə tutulmayıb. Söhbət heyvanların sayından deyil, yüksək məhsuldarlığa nail olmaqdan gedir. 
Buna görə də yüksək məhsuldar cinslər yetişdirilən Avropa ölkələrindən (Almaniya, Avstriya, Fransa, Hollandiya, İtaliya, Norveç, İsveç, Danimarka, Böyük Britaniya) damazlıq heyvanlar gətirilərək  fermerlərə verilir. 
Son məlumata görə, təkcə keçən il təxminən 400 min fermerə subsidiya verilib, aqrar sahəyə 1.2 milyard  vəsait qoyulub. 
Təsəvvür edirsiniz  bu nə deməkdir ?
Söhbət milyarddan, yüz minlərlə fermerdən gedir.
Bəs onda kənd təsəsrüfatı məhsullarının qiyməti, ətin, yağın, şorun qiyməti niyə durmadan artır? 
Çünki qoyulan vəsaitin çoxunu nazirlərimiz basıb yeyib, mənimsəyib, xarici ölkələrdə mülklər alıblar. Və fermerə sənəddə göstərilən pulun bir hissəsi verilib. 
Hətta cənab İlham Əliyev müşavirələrin birində dedi ki, ayrılan subsidiyaların  hara getdiyini bilirəm. 
Bütün bu baş verənlərdən sonra cənab Prezident cavan kadr olan İnam Kərimova etimad göstərərək, nazir təyin etdi. 
3 ildir  nazir olan İnam Kərimov  cəmiyyətin yaddaşında qucağında quzu şəkili çəkdirməklə qalıb. Ortada real heç bir iş yoxdur. 
Görəsən nazir bilmir ki, dövlət pulu hesabına alınan damazlıq heyvanları emal müəssisələrinə, kəsim sexlərinə göndərirlər ?
Bunun harası damazlıq oldu ? Axı, dövlət bu heyvanları damazlıq məqsədilə idxal etmişdi. 
Axı, dövlət bu məqsədlə xərclərin 60 faizini özü ödəyir ki, aqrar sahədə inkişaf olsun. 
Görəsən, nazir İnam Kərimov bilmir ki, qarnı balalı inəkləri kolbasa sexlərinə, kəsim sexlərinə göndərirlər. Bunun harası damazlıq oldu, cənab nazir ? 
Çox istəyərdik ki, cənab İlham Əliyev aqrar sahəyə ayrılan milyonların hara və kimlərin cibinə getməsinin araşdırılması üçün göstəriş versin.