Kürdəmir rayon icra hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Ceyhun Cəfərovun məhkəməsi başlayır.
Qısa məlumat üçün bildirək ki, Ceyhun Cəfərov bir neçə rayonun kommunal təsərrüfat birliyində  çalışıb, sonra Yasamal icra başçısının 1-ci müavini olub, daha sonra 2011-2014-cü illərdə  Tərtərin icra başçısı olub. 
Sonuncu vəzifəsi 2014-2020-ci illərdə  Kürdəmirin icra başçısı olub. 
Ceyhun Cəfərov icra başçısı olduğu dönəmdə hər ay rayonun mərkəzi xəstəxanasından 4000 manat, Su melorasiya idarələrindən 10000 manat, DSMF idarəsindən 10000 manat, “Komxoz” idarəsindən 3000 manat, Bələdiyyədən 5000 manat və s. xərac alıb. 
Nəhayət  Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən Kürdəmir rayon İcra Hakimiyyətində əməliyyat keçirilib və Ceyhun Cəfərov həbs edilib. 
Ona Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvətalma), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma külli miqdarda törədildikdə) maddələri ilə ittiham verilib.
Bu Ceyhun Cəfərovun qısa ömür yoludur. 
Onu da qeyd edək ki, Ceyhun  Cəfərov  Rabitə və Texnologiyalar Nazirliyinin  sabiq Aparat rəhbəri Vidadi Zeynalovun qaynıdır. 
Yezə-qayının  biznes şəbəkəsi  Avropanı fəth edib. 
Bu qohumların əsas biznesi   Avropada, daha dəqiq Çexiya Respublikasında yerləşib. Bu qohumların Çexiyada otelləri, bir neçə böyük pub,bar və restoranları var. Bu biznesə  onlar on milyonlarla dollar yatırıblar. 
Bundan başqa, Vidadi Zeynalovla Ceyhun Cəfərov Çexiyada məşhur istirahət mərkəzi Karlovıy Varıda torpaq sahəsi alaraq burada yan-yana dəbdəbəli iki villa tikdiriblər. 
Sabiq Aparat rəhbərinin  paytaxtda 30-a yaxın lüks mənzilləri , həmçinin Nabranda torpaq sahəsi olub
Yeznə-qayının Kürdəmirdə  2000 hektar ərazidə  Aqro firmaları da olub. 
Nə üçün keçmiş zamanda “olub”  yazırıq. 
Çünki Vidadi Zeynalov da qaynı  kimi həbsxana həyatı yaşayıb və bir çox mülklərinə həbs qoyulub. 
Onu da  qeyd edək ki,  Vidadi Zeynalov həbs edildikdən sonra istintaq dövründə ona məxsus olduğu bildirilən ümumi dəyəri 43 milyon manatdan çox olan 67 daşınmaz əmlaka məhkəmə qərarı ilə həbs qoyulub. Həmin əmlaklar sırasında villalar, torpaq sahələri, evlər yer alır. Əmlaklar Vidadi Zeynalovun, övladlarının, bacısının və digər yaxın qohumlarının adınadır.
Bir məsələni xüsusi olaraq  qeyd etmək istəyirik. 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının keçmiş rəhbəri Vidadi Zeynalov 2015-ci ilin noyabr ayının 13-də həbs edilib. 2017-ci il iyulun 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə barəsində 13 il müddətinə azadlıqdan məhrumetmə cəzası seçilən Vidadi Zeynalov  73 milyon 590 min manat pul mənimsəyib. 
Təsəvvür edirsiniz  73 milyon manat. 
Daha sonra V. Zeynalov apelyasiya şikayəti vermiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilən keçmiş Aparat rəhbərinin cəzası 4 ilə endirilmişdi.
Təsəvvür edirsiniz  13 il iş almış məmura başqa hakim 4 il iş kəsir. 
Bu heç orta əsrlər dövründə də ola bilməzdi. Bəs hakim hansı əsasla Zeynalova 13 il cəza vermişdi ?
Digər hakim hansı əsasla 13 ili 4 ilə endirdi ? 
Hələ bu harasıdır ? 
Vidadi  Zeynalov heç 4 ilidə həbsxanada olmadı və vaxtından tez azadlığa çıxdı. 
 Vidadi Zeynalovun azadlığa çıxmasında onun keçmiş şefi, sabiq  rabitə naziri Əli Abbasovun da rolu olub. 
İndi isə gələk mətləb üstünə. 
13 ili 4 ilə endirən, Azərbaycan qanunlarını ayaq altına atanlar, Ceyhun Cəfərovu da  azadlığa çıxartmaq istəyirlər. 
Bu məsələdə Ceyhun Cəfərovun yeznəsi Vidadi Zeynalov və Əli Abbasov qollarını çırmalayıb işə girişiblər. 
Yaxın zamanda Vidadi  Zeynalovla  Əli Abbasovun Ceyhun Cəfərovu  xilas edib-edə bilməyəcəyi bəlli olacaq.