Ölkəmizdə  səhiyyə naziri “İ.O”-dur...

“TƏBİB”in sədri   Vüqar  Qurbanov da  “İ.O”-dur...

Millət sizin üçün “eksperiment  dovşanı”  deyil, cənablar..


Mövzuya  ondan başlayaq ki,  1 ilə  yaxındır ki, səhiyyə naziri  Oqtay Şirəliyev vəzifəsindən azad olunub. Və onu Teymur Musayev əvəz edir. Bəli əvəz edir. 
Bəyənmədiyimiz sovet dövründə İ.O ( ispoln.obyaz) deyilən, yəni müvəqqəti əvəz edən, icra edən məsələsi var idi. İ.O-nun müddəti bir neçə ay ola bilərdi. 
Cənablar, Allah qoymasa, 1 il   İ.O olar ? 
Özü də  NAZİR ee...
Məlumdur ki, ölkəmizdə Səhiyyə Nazirliyindən sonra  bu sferada 2-ci ən mühüm  qurum “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”, yəni  TƏBİB-dir. 
Bildiyimiz kimi bu qurumun sədri  Ramin Bayramlı da  xeyli müddətdir  vəzifəsindən istefa verib və onu da  xeyli vaxtdır  yenə Allah qoymasa, Vüqar Qurbanov müvəqqəti əvəz edir, yəni o da İ.O-dur. 
Cənablar, başa düşürsünüzmü, dünyada və ölkəmizdə dəhşətli pandemiya tüğyan edir.  Bu vəziyyətdə ölkə səhiyyəsinə cavabdeh olan  2 mühüm vəzifənin ikisi də xeyli müddətdir İ.O-dur. Anladınızmı ? 
İkincisi, TƏBİB-in yeni müvəqqəti sədri  Vüqar Qurbanov hazırda həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Departament  direktorudur. Bu bir əldə iki qarpız tutmaqdır. Bu adam iki mühüm vəzifənin öhdəsindən necə gəlir ? 
Görəsən bu ölkədə 4-5 nəfər savadlı, təcrübəli, ləyaqətli  tibb mütəxəssisi yoxdur ki, bir adam bir əlində 5 qarpız-vəzifə tutur ? 
Əslində açıq deməliyik ki, bu millətin başında  dəlləklik öyrənməkdir. Millət sizin üçün  “ eksperiment  dovşanı” deyil e...üstündə təcrübə keçəsiniz...
Daha bir mühüm məsələyə toxunaq. 
Bu yaxınlarda  ölkənin savadlı, təcrübəli  həkimindən soruşmuşdular ki, sizə səhiyyə naziri vəzifəsi təklif olunsa,  razı olardınızmı ? 
Cavab doğrudan da heyrətamiz idi:
Əlbəttə, qəbul edərəm, amma şərtim olacaq, rüşvət almayacam, heç kimə rüşvət  verməyəcəm, heç kimi eşitməyəcəm, dost-tanışı vəzifələrə doldurmayacam, razıdılarsa, nazir olaram...
Çox ağrılı və ibrətamiz cavabdır. 
Bəli, bütün problemlər  bu  qısa cavabda gizlənib, başqa söhbət ola bilməz. 
Bir məsələni ötən yazımızda qeyd etdiyimiz üçün təkrarçılığa varmaq istəmirik. Amma qısaca qeyd edək ki, Səhiyyə Nazirliyi varsa, TƏBİB nəyə lazımdır, TƏBİB varsa, Səhiyyə Mərkəzini nə üçün yaradırlar ? 
Belə paralel  qurumlar həm  dövlətin cibinə ziyandır, həm də millət ortada çaş-baş qalır. Bəli, vətəndaşlar bir-birinə bənzəyən qurumlar arasında günlərlə, bəzən aylarla vaxt itirməli olurlar. Sözün qısası, paralel qurumların olmasının dövlət və cəmiyyət üçün heç bir faydası yoxdur, əksinə problem mənbəyidir.
Bu mövzuda yazdığımız üçün mövzunu uzatmırıq. 
İndi görək, TƏBİB-in müvəqqəti sədri  Vüqar  Qurbanov nə işlərlə məşğuldur ?
Onun qaranlıq  işlərini qoyuruq bir kənara və rəsmi xəbərlərə istinad edirik. 
Hər gün mətbuatda  Vüqar Qurbanovun əmrləri ilə tanış oluruq: Onu vəzifəsindən çıxardır, bunu qoyur, bunu azad edir, o birisini vəzifəyə təyin edir və s. 
Hamısı da Allah qoymasa, baş həkim, direktor, təsərrüfat məsələləri üzrə direktor müavini və s. 
Çıxardıb-qoymaqla nəsə dəyişirmi, cənablar ? 
Əlbəttə, yox. Əgər dəyişsəydi, Əlini çıxardıb Oqtayı qoyanda dəyişərdi də...
TƏBİB-in İ.O sədri yuxarıda qeyd etdiyimiz kimi hazırda həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Departament  direktorudur. 
Bu adam deyir ki,  “ 900 mindən çox vətəndaş icbari tibbi sığorta xidmətlərindən istifadə edib”, yəni  guya 900 min insan az vaxtda pulsuz müalicə olunub, ağır  cərrahi əməliyyatlardan çıxıb. 
İnanan daşa dönsün, Vüqar Qurbanov.
Camaat pulsuz  1 tabletka qarınağrısı dərmanı ala bilmir, bu da pulsuz bahalı əməliyyatlardan, 900 min insandan danışır...
Ayıbdır e, insan nə qədər yalan danışar. 
Vüqar  Qurbanov deyir ki,  “İcbari tibbi sığortanın tətbiqi ilə Azərbaycan səhiyyəsi yüksək  inkişaf mərhələsinə qədəm qoydu”. 
Ay adam, sən hansı inkişafdan danışırsan ? 
Şair demişkən, kimi aldadırsan, ay zalım oğlu ? 
 “Revizor”   Nurməmməd Yarıyevi   Tibbi Mərkəzə direktor  qoymaq inkişafdır, Vüqar  Qurbanov ? 
Vüqar Qurbanov, bəlkə inkişaf deyəndə  bu yaxınlarda tabeçiliyində olan qurumlara göndərdiyin müraciəti deyirsən ? 
Əlimizdə olan sənəd də sübut edir ki, TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanovun adından tabeliyində olan tibbi müəssisələrinə göndərilən rəsmi məktubda qeyd olunur ki: “İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən”, “İdarə Heyətinin sədr əvəzi” və s kimi qeyd olunaraq göndərilən məktublar tərəfimizdən qəbul olunmayacaq.
Vüqar Qurbanov, bu müraciətiniz, səhiyyəmizin rüsvayçı durumunun bariz nümunəsidir. Qalanı detallardır...