Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədovanın vəzifədən biabırcasına getməsi, başqa icra başçıları üçün  ciddi xəbərdarlıqdır. 
Ümumiyyətlə, ciddi analitik təhlillər göstərir ki, az qala 20 ilə yaxın icra başçısı postunu zəbt etmiş icra başçıları cəmiyyət tərəfindən çox etirazla qarşılanır. 
Sözün düzü, bu proses  44 günlük Qarabağ  müharibəsindən sonra daha da gücləndi. 
Çünki, icra başçılarının çoxu milyonlara sahib olsalar da Qarabağ şəhidlərinin, qazilərinin ailələrinə qarşı çox etinasız, laqeyd, hətta hörmətsiz davrandılar. Bu da cəmiyyətdə ciddi narazılıq yaratdı. Bütün bunlar Prezident İlham Əliyevin diqqətindən yayınmır. 
Həm də nəzərə almalıyıq ki, “müddəti bitmiş”  icra başçılarının bir çoxunun xeyir-duasını PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev, ya da PA-nın sabiq şöbə müdiri Əli Həsənov vermişdir. Bu gün onların ikisi də hakimiyyət üçün artıq əhəmiyyətsiz fiqurlardır. 
Həm də cəmiyyətdə  heç bir nüfuzu olmayan rayon rəhbərlərini yola salmağın vaxtı çoxdan çatıb. 
Gündəlik-Bakı həmin icra başçılarının SİYAHI-sını dərc edir. 
Axı, tibb elmi də təsdiq edir ki, müəyyən yaşdan sonra insan tükənir, hətta ölkəmizdə 65 yaş kişilər üçün təqaüd həddidir. 
Əgər adi işçi 65 yaşında təqaüdə çıxırsa, 70 yaşlı şəxs böyük bir rayona necə rəhbərlik edə bilər..?
1.Məsələn, Füzuli rayonunun icra başçısı Alı Nuşrəvan oğlu Alıyevin 70 yaşı  var ... 
Üstəlik bu adam 10 ildir Füzulinin icra başçısıdır. 
Üstəlik, bu adam 12 il Füzuli rayon Suvarma Sistemləri idarəsinin rəisi vəzifəsində işləyib. 
Və  suvarma adı altında  dövlətin milyonlarını mənimsəyib. 
Yeri gəlmişkən, Alı Alıyevin nəzərinə çatdırırıq ki, Mamed İsgəndərovun tör-töküntülərinə himayədarlıq etməyindən xəbərimiz var. Sən gözəl bilirsən ki, Mamed İsgəndərov kim olub və hansı əməllərin sahibi idi.  
İndi bu adamın vəzifədə qalmasına ehtiyac varmı..?
2.Yaxud  Mərdan Camalov. 
Bu “uçitel”  məktəbdə coğrafiya müəllimi işləyib, sonra birdən Əli Bayramlı şəhər Süni-dəri zavodunda çilingər olub. 
Adam, coğrafiya müəllimi idi, nə üçün birdən birə fabrikdə çilingər oldu ?
Sonra birdən “Azəriqaz”da  rəis müavini olur. 
Çünki, qardaşı, mərhum nazir Yavər Camalov onu icra başçısı vəzifəsinə gətirirdi. Və gətirdidə. 
Allah qoymasa, 15 il Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı oldu. Yerin altındakı  qaz turbalarını çıxarıb satmağı ilə yadda qaldı. 
İndi də Allah qoymasa, Zərdab Rayon İcra Hakimiyyətinin başçısıdır. 
Bu adam sanki sahibkarların qənimi, şəhid ailərinə zülm edən kimi tanınıb. Üstəlik də ciddi xəstəlikləri var və yaşı da 70-ə çatıb.
18 ildir icra başçısıdır. 
Adam, kreslodan qop, dəə....
3.Yaxud  8 il Masallının icra başçısı işləyən, ağır xəstəliyə düçar olmuş Rafil Hüseynov. 
Bu adam Masallıda sahibkar qadına kəllə atmaqla, qəbristanlığın yerini sahibkarlara satmaqla məşhurlaşdı. 
Sonradan Ağcabədinin icra başçısı oldu və hazırda həmin kresloya yapışıb. 
Bu adamın adı daha çox bağça müəllimlərini sorğu-suala tutmaqda,  özbaşına  test keçirməkdə daha çox hallanıb. 
Keçmişi “korrektor” olan Rafilin adı polis işçisi olan öz oğluna tərbiyə verə biməməkdə hallanıb. 
Öz oğluna tərbiyə verə bilməyən Rafil Hüseynov o boyda Ağcabədi camaatına necə rəhbərlik edə bilər. 
Bu adam 30 il əvvəl Bərdədə icra başçısının 1-ci müavini idi, sonra Masallıda icra başçısı, sonra Ağcabədidə icra başçısı oldu...
30 ildir ee...bu adam karusel kimi fırlanır. Üstəlik 72 yaşı var...Novxanıda da 10 milyonluq  villası. Rafilin də üzü  deyəsən Kürdəxanıya sarıdır. 
4.Daha bir icra başçısı Qəzənfər Ağayev. Bu çoxdan “yetişib”.
Təsəvvür edirsiniz,  bu adam 2006-cı ildə Yardımlının icra başçısı oldu, sonra 7 il Masallının icra başçısı işlədi, 10 ildir isə Astaranın icra başçısıdır. 
Bu adam Ginnesin rekordlar kitabına düşməlidir. 
Qəzənfər Ağayev hətta küçədə limon satnlardan da nəsə alır. 
Adam, 20 ildir 3 rayonu talamısan, bəs etməzmi, çəkil get də...
5.“Müddəti bitən”  icra başçılarından biri də Süleyman Mikayılovdur.
Söhbət Qaradağın  icra başçısı Süleyman Mikayılovdan gedir. 
Bu adamın keçmişi “bədən tərbiyəsi müəllimi” olub, bir zamanlar Bakı Baş Gömrük İdarəsində peyda olub, özü də “Qaçaqmalçılıq” idarəsinin rəisi kimi. 
Axı, idman müəllimi-məşqçi hara Gömrük Komitəsi hara ? 
Sonra  Vergilər Nazirliyində Operativ Nəzarət idarəsinin rəisi işləyib. Sonraki dövrdə Yardımlının icra başçısı, 6 il isə Lənkəran şəhərinin icra başçısı olub və 2010-cu ildən Qaradağın icra başçısı “postunu qoruyur”. 
Adam 20 ilə yaxındır ki, icra başçısıdır. 
Bu adamın Dərbənddən BDU-ya “perevod” alması da maraqlı mövzudur. 
Bu adam icra başçısı olduğu dönəmdə Lökbatanı həqiqətən də batırıb, amma özünün  qəsəbədə xeyli sayda obyektləri var. İcra başçısı Lökbatan qəsəbəsindəki bazarı qanunsuz olaraq özəlləşdirməklə 4 milyon 800 min manat mənimsəyib. Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən kolxoz bazarı Mikayılovun göstərişi ilə ələ keçirilib. 
Deyilənə görə, İcra başçısı rayon ərazisindəki bütün daş karxanalarından aylıq alır, bunun məbləği milyonlarladır. Amma rayondakı küçələr, yollar bərbad durumdadır. 
Sözün qısası, özünü icra başçısı kimi deyil, firon kimi aparan Süleyman Mikayılovun da qələmi sınıb. Yaxın zamanda o da kreslosunu tərk edəcək. 
6.Növbəsini gözləyən icra başçılarından biri də Şahin Məmmədovdur. 
Əmək  fəalaiyyətinə “mantyor”  kimi başlayan Şahin Məmmədov sonradan vəzifə sahibi olub, daha sonra Bərdə RİH-də müavin kimi çalışıb, sonra bank müdiri olub.  
Daha sonra Samuxun icra başçısı işləyib, 15 il Ağcabədinin icra başçısı postunu tutub və hazırda Masallı RİH-nin başçısıdır. 
Yəni 19 ildir  müxtəlif rayonlarda icra başçısı olub. Və 70 yaşına lap az qalıb.
Bu adam öz dili ilə deyir ki,  Haramı düzündəki  12 hektar torpağı  almaq üçün mənə 5 diplomat pul təklif olunub. 
Bu adamın biznesinin sorağı Gürcüstandan, Batumidən, Dubaydan, Almaniyadan gəlir. 
Şahin Məmmədov uzun illər prezidentin abadlıq işlərinə, sahibkarlara, idarə və təşkilatlara, məktəblərə, xəstəxanalara ayırdığı milyonları mənimsəyib.
Onun Ağcabədidə, Bərdədə, Gəncədə, Daşkəsəndə Xoşbulaq yaylağında villaları, Bakı şəhərində isə sayı məlum olmayan evləri və obyektləri vardır.
Şahin Məmmədov neçə-neçə artezian quyusunun pullarını mənimsəyib, su kəmərlərinin pulunu yeyib, yerin altında qalan 16 km çuqun turbanı çıxartdırıb 1 milyon dollara satıb. 
Və ən dədhşətlisi odur ki, ondan şikayət edən sakinləri polis ilə hədələyir, qorxudur. 
Bu adamın keçmişi də çox rüsvayçıdır. Onun barəsində PA-a edilən şikayətlər dayanmır. Yəqin ki, Şahin Məmmədov da yola salınan icra başçıları arasında olacaq. 
7.İndi isə Tərtərin icra başçısı Müstəqim Məmmədovun əmək yoluna nəzər salaq.
Deməli, Yevlaxda kafedə əmək fəaliyyətinə başlayan Müstəqim Məmmədov sonradan Yevlax Şəhər İcra Hakimiyyətində “revizor”  işləyib. Və ozamankı icra başçısı Elmar Vəliyevin sayəsində “karyerası”nın yüksəlişi başlayıb. Və 2014-cü ildən Tərtər RİH-nin başçısıdır. 
Bu adamın adı mətbuatda icra başçısı olduğu Tərtərdə deyil, Gəncədə gecələməyi ilə hallanıb. Yəni icra başçısı qorxusundan gecələr sərhəd bölgəsi olan Tərtərdə deyil, Gəncədə yatıb-dururmuş. 
Müstəqim Məmmədov rayonda çoxsaylı kommmersiya obyektlərinə sahibdir və onları icarəyə verib.
Müstəqim Məmmədovun rayondakı mağazalarının  sayını bilən yoxdur. Təkcə qaynanasının adına neçə min hektar torpaq alıb. Amma rayon mərkəzindəki şəhid bulağı baxımsızlıqdan uçub dağılıb. 
Yəqin ki, cənab Prezident  belə icra başçısına qapını göstərəcək. 
8.İndi isə 12 il Saatlının icra başçısı, 2019-cu ildən isə Sabirabada rəhbərlik edən Siraqəddin Cabbarovun əməllərinə nəzər salaq. Bu adam 20 ilə yaxındır ki, iki qonşu rayonun sakinlərinə, iş adamlarına sanki zülm edir. 
Təkcə bir fakta nəzər salaq. Bir neçə il əvvəl  rayonda həbs olunan məktəb direktoru xanım içəridən Siraqəddinə xəbər göndərmişdi ki, məni buradan çıxartmasan, məhkəmədə sənə verdiklərimi açıb deyəcəm. Bəli, xanım direktorun xəbrədarlığından 10 gün sonra  direktoru evinə buraxdılar. 
Yəni Siraqəddin  rayondakı bütün məktəbləri, bağçaları zəbt edərək, dövlətin ayırdığı pulları mənimsəyib. 
Onu da qeyd edək ki, Siraqəddin əvvəllər Binəqədi icra hakimiyyətində mənzil bölüşdürüb. Ona görə də bu gün Binəqədidə işləyən avtobus xətlərinin çoxu Siraqəddinə məxsusdur.  
Bu adamın adı hətta ərəblərlə əlaqədə olan icra başçısı kimi də sosial şəbəkələrdə hallanıb. Bu adam rayondakı münbit torpaqların hamısını öz dədə malı kimi satıb mənimsəyir. Hətta mediada Siraqəddinin nəinki vəzifədən uzaqlaşdırılması, hətta yaxın zamanda həbs olunacağı da anons  edilib. Yəqin ki, yaxın zamanda onun da aqibəti bəlli olacaq. 
Yeri gəlmişkən, Siraqəddinin icra başçısı olmasının “xeyir duasını”  PA-nın sabiq müdiri Əli Həsənov vermişdir. Yəqin ki, Siraqəddinin yaxşı yadında olar, Əli Həsənovla birgə Əbdürrəhman Vəzirova şanlı məktub yazmaları. Hətta bu iki dost, yəni  Əli və Siraqəddin şanlı məktubun kimin qələmi ilə yazılmasını da özləri üçün fəxrlə deyirdilər. Siraqəddin deyirdi ki, mənim qələmimlə yazmışıq...İndi Vəzirov da gedib, Əli də getmiş kimidir. Deməli, Siraqəddin  həbsxananın astanasındadır..
9.Şəkinin icra başçısı Elxan Usubov da yol üstədir. 
Elxan Usubov da  16 ildir  icra başçısı postunu qamarlayıb. Xeyli müddət  Ağstafanın icra başçısı olub, 2011-ci ildən isə  Şəki Şəhər İcra Hakimiyyətinin başçısıdır. 
Bu adamın  5 milyonn dəyəri olan bircə mülkünün, villasının şəkili və yaxınlığında  şəhid ailəsinin daxmasının şəkili yayılıb. Bu adam heç olmasa  canını vətən yolunda qoyan şəhidin evini azca təmir elətdirmir. Beləsinin vəzifədə qalması nəinki xalqa, heç Allaha da xoş getməz. 
Bu adam Şəkidə ipəkçilik, toxuculuq müəssisələrini məhv edib, özü üçün obyektlər tikdirib. Cənab icra başçısı ARDNŞ-nin prezidenti Rövnəq Abdullayevin himayəsindədir. 
10.Gəncənin icra başçısı Niyazi Bayramovun da həbs olunacağı ilə bağlı xəbərlər medianın manşetini bəzəyir. 
Bu adam guya Qarabağ veteranı-polkovnik olması ilə müzakirə mövzusu olub. Və haqlı olaraq vətəndaşlar soruşur ki, Niyazi Bayramov hansı cəbhədə, hansı bölgədə vuruşub, polkovnik rütbəsini necə alıb. 
Bu adam uzun müddət Mingəçevir şəhərinin icra başçısı olub və Gəncə boyda şəhərə rəhbərlik edir. Niyazi Bayramovun adı Mingəçevirdə işləyərkən Kür boyu torpaqları sataraq milyonçuya çevrilməsi ilə hallanır. 
Gəncədə isə ermənilərin  atdığı raket nəticəsində evləri zədələlən  vətəndaşlara dövlət tərəfindən verilən pulların Niyazi Bayramov tərəfindən mənimsənilməsi lap rüsvayçılıq idi. 
Təsəvvür edirsiniz, bu adam müharibənin qızğın çağında övladına Londonda mülk ala bilir, amma şəhidin qaranlığa qərq olan küçəsinə 2  işıq DİRƏYİ  basdıra bilmir. 
Əlbəttə, mərhum idman naziri Azad Rəhimovla quda olan Niyazi Bayramovun özünə artıq DİRƏK lazımdır. Amma Niyazi Bayramovun da kreslosu aşmaq üzrədir. Həbsdən canını qurtara bilsə, sevinsin. 
Yeri gəlmişkən, Niyazi Bayramova demək istəyirik ki, əvvəl Nizami RİH-də işləmiş, hazıra  Gəncə ŞİH-də “İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı” olan Azər İbrahimov dəfələrlə Gündəlik-Bakıya zəng edərək görüşməyi, problemi yoluna qoymaq üçün adam göndrəməyimizi  təklif edir. 
Cənab Niyazi Bayramov, bil ki, biz sizin düşündüyünüz jurnalistlərdən deyilik. Siz bizi belə təkliflərlə susdura bilməzsiniz. Sadəcə, ayıbdır, Niyazi Bayramov, bizim mübarizəmiz sizin kimi xalqa biganə olan, Prezidentimizin etimadını doğrultmayan icra başçılarının layiq olduğu məkana göndərilməsidir. Bu qədər sadə və bəsit. Daha heç nəyi xahiş etməyin, dostlarımızla bizi az üz-göz edin.
11.Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin “kadrı” olan Vidadi İsayev də  20 ilə yaxındır ki, icra başçısıdır. Uzun müddət Tərtərin icra başçısı olub, 2011-ci ildən isə qədim Bərdəyə rəhbərlik edir. 
Özünü  Bərdənin “xanı”  kimi aparan  Vidadi İsayevin əmlakının  siyahısına nəzər salaq: 
1. Bakı şəhəri, A. Bakıxanov, ev 39 ünvanında  mənzil
2. H.Zərdabi 3153-cü məhəllə,   mənzil
3. Şərq küç, ev 11B ünvanında  mənzil
4. Oğlunun 100.000 manatlıq çayxanası
5. Kürəkəninin  Qaçqın Şəhərciyində ümumi sahəsi 100 kv.metr olan dükanı
6. “Ana və Uşaq” kafesi
7. “Təchizat BCS” MMC şirkəti
8. Bərdədə ikimərtəbəli mağaza
9. Mixaylovka kəndində bir imarət
10. Ağcakənddə ikinci böyük villa
11. Xətai rayonu, Babək prospektində 4 mərtəbəli 2 ayrı malikanə
12. 90-GP-555 dövlət nişanlı Toyota Prado
13. Mercedes G63 AMG
14. Bərdədə Heydər Əliyev parkında kafe
15. Yevlaxda əzəmətli villa
16. Yevlax-Bərdə yolunun üstündə balıq vətəgələri
17. Yevlaxda, Bərdədə, Tərtərdə hektarla torpaq sahələri, iaşə obyektləri, mənzillər
Bütün bunlar sahibkarlardan  alınan, idarə və müəssisələrdən yığılan, tenderlərdən gələn, camaatın maaş kartlarından, xalqdan və dövlət vəsaitindən oğurlanan pulların  az bir  hissəsidir.
Bütün bunlar azmış kimi Vidadi İsayevin rayonda Leylası da var və özünü  xatunça kimi aparır. 
Amma bütün bunlarla bərabər qeyd etməliyik ki, Vidadi İsayev  Elmar Vəliyevlə yaxın qohumdur. Deməli, Vidadi İsayevi də ya həbs, ya da təqaüdçü  həyatı gözləyir. 
12.Rayon ərazisindəki səkiləri də satmaqla ad çıxardan, keçmiş idmançı  Asif Əsgərov da 3 rayonda icra başçısı olub. Xeyli müddət Zaqatalada, sonra Səbail rayonunda, 2015-ci ildən isə Nəsimi RİH-nin başçısıdır. 
Bu adam  Nəsimi rayonu ərazisində  tikintilər üçün torpaq sahələrini metr-metr  sataraq  oliqarxa çevrilib. Rayon ərazisində nə qədər qanunsuz tikililər varsa, hamısının şəriki  Asif Əsgərovdur. Bu adam 1 sot torpağı 300 min manata satır. Bu barədə konkret olaraq Dini komitənin sabiq sədri məlumat yaıb. 
Asif Əsgərov barəsində narazılıq və şikayətlər o həddə çatıb ki, artıq onun vəzifədə qalması mümkün deyil. Hətta onu bir neçə dəfə istintaqa da çağırıblar. 
Həə, Asif müəllim, bəs deyirdin, Bakının meri  olacam, Baksovetdə müdir olacam. Yollar Kürdəxanıya gedir...
13.Növbəsi  yetişənlərdən biri də İlqar Abbasovdur. 
Bu adam Nərimanov RİH-nin, sonra Suraxanı RİH-nin  başçısı olub, hazırda Şirvan şəhərinə rəhbərlik  edir. 
Təkcə onu qeyd edək ki, bu adam Suraxanıda küçə ticarətindən milyonlar qazanıb. Suraxanıda qanunsuz tikililər, ticarət obyektlərinin inşası adı milyonlara sahib olub. 
İlqar Abbasov “Mən rayonları arendaya götürürəm”  deyimi ilə yadda qalıb. Bir də siaysi səhvə yol verərək, dar bir məclisdə “Guya Prezident bilmir ki, biz nə ilə məşğuluq” sualı ilə hədəfə gəlib. 
Onu da qeyd edək ki, İlqar Abbasov konkret olaraq PA-nın sabiq rəhbəri Ramiz Mehdiyevin kadrıdır və yəqin ki, yaxın zamanda ya Kürdəxanıya, ya da istirahətə gedəcək.


P.S Yazıda adları çəkilən hər bir şəxsin cavabını dərc etməyə hazırıq.