Görəsən, Nəsimi RİH-nin başçısı Asif Əsgərov hara baxır ? 

Bəlkə, bu qanunsuz  yığıma icra başçısı da şərikdir..? 


Asif  Əsgərov  2006-cı ildən 2009-cu ilə kimi  Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısı,  2009-cı idən  2015-ci ilə kimi Səbael RİH-nin başçısı, 2015-ci ildən isə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısıdır. 
Yəni 13 ildir ki, icra başçısı karuselində  fırlanır. 
İndi isə keçək əsas  məsələyə. 
Etiraf etmək lazımdır ki, qanunsuz “parkovkalar”, dayanacaqlar, “moyka”lar icra başçıları üçün əməlli-başlı gəlir mənbəyinə çevrilib. 
Xatırladaq ki, ölkə başçısı İlham Əliyev 2018-ci ildə Bakı Nəqliyyat Agentliyinin (BNA) fəaliyyətinin təmin edilməsi haqqında sərəncamı ilə Bakı şəhəri İcra Hakimiyyətinin tabeliyində olan avtobus dayanacaqlarını, habelə park və taksi dayanacaqlarının səlahiyyətlərini Bakı Nəqliyyat Agentliyinə ötürdü.
Çox düzgün və zamanında verilmiş qərar idi. 
İndi ikinci  fakta nəzər salaq: 
Bakı Nəqliyyat Agentliyinin sözçüsü bir daha bəyan edir ki, hazırda Bakı şəhərindəki bütün parkovka yerləri PULSUZDUR. Əgər kimlərsə pul yığırsa, bu qanunsuzdur və pul yığanların bizə aidiyyatı yoxdur.
Fikir verdinizmi…? 
Bakı şəhərində “parkovka”  pulsuzdur və…
Pul yığanların bizə aidiyyəti yoxdur…
Adam, necə yəni Bakı şəhərində “parkovka” pulsuzdur..?
Günün günorta çağı, paytaxtın göbəyində “parkovka”adı ilə pul yığırlar…
Adam, necə yəni bunun bizə dəxli yoxdur..?
Axı, Prezident  bu səlahiyyətləri sizə, yəni BNA-ya verib…
Bəs, Bakının  4 tərəfində su “boçka”sı, dəmir-taxta parçası düzüb  “burda saxlamaq olmaz, bura 2 manatdır, bura 5 manatdır” deyən “parkovşik”lər  nədir, ay adam..? 
Bəs deyirsən, Bakıda “parkovka”  pulsuzdur ? 
Bəs  dayanacaqlarda bir gecə saxlamaq üçün 6 manat istəyirlər, bu nədir ? 
Ərazidə yaşayanlar  avtomobilini harada saxlasın? 
Hər gün  6 manatı necə vermək olar ? 
Vətəndaşlar bu sualları müvafiq dövlət idarələrinə, o cümlədən icra hakimiyyətlərinə

ünvanlayanda….cavab verirlər ki, BU BİZİM PROBLEMİMİZ  DEYİL…
Ay adam, sən dövləti təmsil edirsən, necə yəni bu bizim problemimiz deyil..? 
Belə davam eləsə, bir azdan küçələri, səkiləri  icarəyə verəcəklər. 
Görəsən, icra başçıları niyə “Bu məsələ bizlik deyil”  deyirlər. 
Çünki icra başçıları bütün bu qanunsuz “parkovka”lara, rayon ərazisindəki “moyka”lara şərikdirlər. 
Axı, necə ola bilər ki, kimsə şlaqbaum quraşdırıb, qaldırıb-endirməklə səhərdən axşamacan pul qazanır…
Belə icra başçılarından biri də Nəsimi RİH-nin başçısı Asif Əsgərovdur. 
Bəli, Nəsimi rayonu ərazisndə də “parkovka”  məsələsi əməlli-başlı biznesə çevrilib. Və bu biznesin  başında icra başçısı durur. 
Əslində bütün dünyada olduğu kimi bu sahədə normal proseduralar yaratmaq, mobil tətbiq üzərindən parkovka xidmətləri əldə etmək və onlayn ödəniş etməyə imkan verən sistemi qurmaq adi bir işdir.
Görünür, kimlərinsə marağındadır ki, bu sahədə qayda-qanun yaradılmasın və pullar  dövlət büdcəsinə deyil, şəxsi ciblərə getsin. 
İcra başçısı Asif Əsgərovdan soruşan lazımdır ki, rəhbərlik etdiyin  rayonun ərazisində az qala  səkilərə də ŞLAQBAUM qoyulub,  boş ərazilər PARKOVKA üçün məmurlar arasında bölüşdürülüb. 
Bütün bunlardan xəbəriniz yoxdurmu ? 
Sözün qısası, Nəsimi rayonu ərazisində nəqliyyat parklanması  adı altında hər gün külli miqdarda pul yığılır, daha doğrusu, vətəndaşlar soyulur…

P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.