Ağstafa camaatının icra başçısı sarıdan heç vaxt bəxti gətirmir.(Guya o biri rayonların camaatının bəxti qıcqırıb ). 
Uzun müddət Ağstafa rayonuna rəhbərlik etmiş Məhərrəm Quliyev haqqında, daha doğrusu, onun tərcümeyi-halı barədə yazmışdıq.
Yazmışdıq ki, Məhərrəm müəllimin rayon icra hakimiyyətinin rəsmi saytındakı tərcümeyi-halında yazılıb:
Quliyev Məhərrəm  Böyükağa oğlu 1968-ci ildə Lənkəranda anadan olmuşdur.
Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin 01 iyul 2011-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Biz  dəfələrlə yazdıq ki, Məhərrəm Quliyev 35  (1968- 2003 ) il  harada olub, əsgərlikdə olubmu, hansı ali məktəbi bitirib ? Ümumiyyətlə, başçı məktəbə gedibmi..?
Uzun çəkişmələrdən sonra başçının tərcümeyi-halına bir cümlə əlavə olundu: “Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirmişdir”. 
Yenə yarımçıq. Ay yoldaş, neçənci ildə girmisən, neçənci ildə bitirmisən, ixtisasın nədir ? Baytarsan, zolatexniksən, nəsən axı, bilək də. Burda gizli nəvar ki..? 
Sonra digər məsələ. Cənab başçının tərcümeyi-halında yazılır: 
Lənkəran rayonunda müxtəlif vəzifələrdə çalışmışdır. 
Axı, 13 necə müxtəlif vəzifələrdə çalışmaq olar ee, ay Məhərrəm müəllim ? Yaz ki,  fermada işləmişəm, ağronom olmuşam, nəsə bir şey yaz dəə. Necə yəni müxtəlif vəzifələrdə. 
Nə isə biz yazsaq da Məhərrəm müəllim daha tərcümeyi-halında korrektə etmədi. 
Bir də xəbər tutduq ki, Məhərrəm müəllim Ağstafanın başına turp əkəndən sonra getdi Goranboya icra başçısı. Və biz də daha dalınca düşmədik. 
Sözümün canı odur ki, binəva Ağstafa camaatının bəxti vallah təkcə icra başçısı sarıdan deyil e, ümumiyyətlə, məmur sarıdan gətirmir. 
''Gündəlik Bakı'' qəzetinin(gundelik-baku.com) redaksiyasına daxil olan məlumata görə, yeni icra başçısının xanım müavini İctimai-Siyasi və Humanitar məsələlər şöbəsinin müdiri Lalə Eyyubova rayonda əməlli-başlı ad çıxarıb. Xanım müavin  vəzifəsindən sui-istifadə etmək,  müxtəlif  maxinasiyalarda  rol almaq sarıdan çoxlarını üstələyib. Dövlətin layihəsinə ayrılan pulların silinməsində, artezian quyuların satılmasında və digər məsələlərdə icra başçısının müavinlərinin adı hallanır. 
Bəs görəsən rayonun yeni icra başçısı Seymur Orucov  nə üçün bu qanunsuzluqlara göz yumur. 
Axi, möhtərəm Prezidentimiz gənc kadrlara etimad göstərəndə xəbərdarlıq edib ki: “ Sizə şans verilir, işləməlisiniz, əgər qanunsuz bir hərəkət aşkar olunsa, vəzifədən azad ediləcək, ağır şəkildə cəzalandırılacaqsınız”. 
Məlumat üçün qeyd edək ki, yeni icra başçısı Seymur Orucov Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin bacısı oğludur. Üstəlik də, NARXOZ-un keçmiş rektoru Şəmsəddin Hacıyevin  yeznəsidir. 
Təzə icra başçısının fəaliyyəti barədə növbəti yazıda baxacağıq.